SİYASƏT
İSVEÇRƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNİN UZANMASINDAN NARAHATDIR
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsveçrə parlamentinin İsveçrə-Azərbaycan dostluq qrupunun sədri xanım Kristin Egerzegi-Obristin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Oqtay Əsədov Azərbaycan ilə İsveçrə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulamış, əlaqələrimizin genişlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. O demişdir ki, dövlət başçılarının, eləcə də parlament sədrlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar öz bəhrəsini verir. Ümid edirik ki, sizin bu səfəriniz də münasibətlərimizin inkişafına təkan verəcəkdir.
Milli Məclisin sədri İsveçrə parlamentində dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirmiş, bu qrupların təkcə parlamentlər deyil, xalqlarımız arasında da əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
Ölkəmizin dinamik inkişafı, bölgədəki lider mövqeyi, regionda həyata keçirilən layihələrdəki iştirakı barədə məlumat verən O.Əsədov demişdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bölgədə inkişafa ciddi maneə törədir. Dağlıq Qarabağ münaqişəsi həm regionun, həm də Avropanın təhlükəsizliyinə ciddi təhdiddir. Milli Məclisin sədri onu da qeyd etmişdir ki, Almaniya Bundestaqı və İtaliya parlamenti Cənubi Qafqazdakı vəziyyətə dair xüsusi sənədlər qəbul etmişlər və bu sənədlərdə Ermənistanın işğalçı dövlət olduğu təsdiqini tapmışdır. Hazırda İngiltərə parlamenti də belə bir sənəd hazırlayır. Biz münaqişənin həllində tutduğu mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə dövlətinə minnətdarıq. Çox istərdik ki, İsveçrə parlamenti də belə bir sənəd hazırlayaraq qəbul etsin.
Xanım Kristin Egerzegi-Obrist onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir. O demişdir ki, Azərbaycana üçüncü dəfədir ki, gəlirəm və hər gəlişimdə yüksək inkişafın şahidi oluram. Bu cür inkişaf edən Azərbaycan özünə güclü dost axtaran İsveçrə üçün çox vacibdir. İsveçrəli iş adamları Azərbaycanın dinamik inkişafını, təbii ehtiyatlarını yüksək qiymətləndirirlər və ölkəmizə sərmayə qoymaqda maraqlıdırlar. O demişdir ki, İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Bu münaqişə həqiqətən də təkcə region üçün deyil, Avropanın özü üçün də ciddi təhlükə mənbəyidir. Odur ki, problem tezliklə öz ədalətli həllini tapmalıdır. Kristin Egerzegi-Obrist münaqişələrin həllində parlamentlərin də mühüm rol oynadıqlarını bildirmiş və bununla əlaqədar parlamentarilərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.