ELM VƏ TƏHSİL
İSVEÇRƏLİ ALİM VƏ MÜTƏXƏSSİSLƏR AMEA–DA OLMUŞLAR
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov İsveçrənin energetika sahəsində tanınmış alim və mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
AMEA-dan bildirmişlər ki, görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən energetika sahəsində sürətli inkişafın əldə olunduğunu qeyd edən akademik M.Kərimov akademiyanın müvafiq institutlarında bu sahədə görülən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat vermişdir. M.Kərimov, həmçinin AMEA-nın Avropanın, o cümlədən İsveçrənin elmi təşkilatları ilə birgə əməkdaşlığı sayəsində həyata keçirilən tədbirləri nəzərə çarpdırmışdır.
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.
Qonaqlar Azərbaycan iqtisadiyyatındakı irəliləyişləri, energetika sahəsində qazanılmış nailiyyətləri yüksək qiymətləndirmiş və ölkəmizdə gedən proseslərin İsveçrə alimlərinin diqqət mərkəzində olduğunu qeyd etmişlər.
Görüşdə, həmçinin energetika sahəsində Azərbaycan Respublikası ilə İsveçrə Energetika Nazirliyi arasında imzalanacaq müqavilə haqqında fikir mübadiləsi aparılmışdır. Bu müqavilədə Azərbaycan Milli Elmlər Akademiyasının da iştirak edəcəyi qeyd olunmuşdur.