SİYASƏT
İsveçrənin “JGB-FORUM” jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir
![İsveçrənin “JGB-FORUM” jurnalında Azərbaycan haqqında məqalə dərc edilmişdir](/files/2013/3/1200x630/140714504077221392_1200x630.jpg)
Bakı, 17 oktyabr (AZƏRTAC). İsveçrə konfederasiyasındakı yəhudi icmasının mətbu orqanı olan “JGB-FORUM” jurnalında “Qafqazda yəhudi həyatının izi ilə” sərlövhəli məqalə dərc edilmişdir.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, məqalədə Azərbaycanın qədim tarixi, mədəniyyəti və memarlığı haqqında geniş məlumat verilmiş, yüksək tolerantlığı ilə seçilən bu ölkədə yəhudilərin azərbaycanlılarla qarşılıqlı etimad və əmin-amanlıq şəraitində yaşadığı diqqətə çatdırılmışdır.
Bakıda, Oğuzda, Qubada, xüsusilə də Qırmızı qəsəbədə məskunlaşmış yəhudilərin rahat həyat sürdüklərinin bildirildiyi yazıda Azərbaycanın qonaqpərvər ölkə olduğu qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədəki dini tolerantlığın qarantı qismində çıxış etdiyinin vurğulandığı məqalədə dövlətimizin başçısının sinaqoqların açılışında iştirak etməsinin dini konfessiyalara diqqətin bariz nümunəsi olduğu diqqətə çatdırılır.