SİYASƏT
İtaliyanın Udine şəhərində “Azərbaycanda yeni biznes erası” mövzusunda forum keçirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079270836396118188_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270833127526670_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270834050214758_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270831429440400_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079270835191263944_1200x630.jpg)
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iqtisadi potensialına görə bu ölkənin ən qabaqcıl regionlarından biri olan Friuli-Venetsiya-Culiya regionunun Udine şəhərində olmuşdur.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi regionun yerli hakimiyyət strukturları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olmuşdur.
Səfər zamanı V.Sadıqov Friuli-Venetsiya-Culiya regionunun qubernatoru xanım Debora Serrakkiani ilə görüşmüşdür. D.Serrakkiani təmsil etdiyi regionun işgüzar və təhsil dairələrinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından məmnunluğunu diqqətə çatdırmışdır.
V.Sadıqov Udine şəhərinin meri Furio Honsell ilə də görüşmüşdür. Görüşdə Azərbaycan və Udine arasında mədəni, elmi, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Səfər çərçivəsində diplomat Udinenin Ticarət və Sənaye Palatasında təşkil edilmiş “Azərbaycanda yeni biznes erası” mövzusunda biznes forumda iştirak etmişdir.
Palatanın prezidenti Covanni Da Podzo yerli iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiyini vurğulamışdır.
Səfir V.Sadıqov regionun işgüzar dairələri üçün nəzərdə tutulmuş, 70-ə yaxın iş adamının və KİV nümayəndəsinin iştirak etdiyi forumda Azərbaycan haqqında təqdimatla çıxış etmişdir. O, Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayülləri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və prioritet inkişaf sahələri haqqında danışmışdır. Sonra səfir forum iştirakçılarının suallarına cavab vermişdir.
V.Sadıqov, həmçinin yerli KİV-lərə müsahibə vermişdir.