CƏMİYYƏT
“İtirilmiş həqiqət” filminin növbəti hissələrinin təqdimatı olmuşdur
Bakı, 12 aprel (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin və Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo Növləri Federasiyasının birgə layihəsi çərçivəsində aprelin 12-də “İtirilmiş həqiqət” bədii filminin III və IV hissələrinin təqdimatı olmuşdur.
Filmin rejissoru, ideya müəllifi və baş rolun ifaçısı federasiyanın prezidenti Tarverdi Allahverdiyevdir.
Vətənpərvərlik mövzusunda çəkilmiş filmdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı müxtəlif məqamlara toxunulmuş, ermənilərin əsir götürdükləri insanlara verdikləri işgəncələr əks olunmuşdur.
Təqdimat mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bu ekran əsərinin əhəmiyyətini vurğulamışdır. Milli kinonun uğurlarından danışan nazir müavini yaradıcı heyətə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, müasir dövrün tələblərinə uyğun olaraq gənclərin tərbiyəsinə bədii filmlər güclü təsir göstərir. 2006-cı ildən çəkilişlərinə başlanılmış bu filmin məqsədi məhz gənclərdə vətənpərvərlik hissinin aşılanmasıdır.
Ölkədə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışan İ.Babayev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində görülən işlər barədə məlumatı tədbir iştirakçılarına çatdırmışdır.
Tədbirdə filmin yaradıcı heyətinə mükafatlar təqdim olunmuşdur.
Təqdimat mərasimində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, idman federasiyalarının prezidentləri, aktyorlar və idmançılar iştirak etmişlər