MƏDƏNİYYƏT
“İyirmi il müstəqillik yollarında” mövzusunda kitab sərgisi əsl mədəniyyət bayramına çevrilmişdir
Bakı, 19 oktyabr (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə rayonun Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında “20 il müstəqillik yollarında” mövzusunda böyük kitab sərgisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. O, iyirmi il ərzində ölkəmizdə əldə olunan uğurlar, müstəqilliyin qazanılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etmiş, ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən işlər barədə danışmışdır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbirin mahiyyətini diqqətə çatdırmışdır.
Tədbirdə rayonun bədii özfəaliyyət kollektivlərinin musiqili kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Suraxanı rayon kitabxanalarının, Bakı şəhərində fəaliyyət göstərən nəşriyyatların kitablarından və sakinlərin əl işlərindən ibarət sərgi böyük marağa səbəb olmuşdur.