MƏDƏNİYYƏT
“Jurnalistlər üçün qış məktəbi” başa çatmışdır
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da Azərbaycan Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Avrasiya Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Jurnalistlər üçün qış məktəbi” başa çatmışdır.
Layihənin son günü ARGTMŞ sədri Fuad Muradov Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamentinin strukturu və fəaliyyəti barədə geniş məlumat vermişdir. Avropa Şurasında Dağlıq Qarabağ üzrə mövcud alt komitə haqqında danışan deputat bildirmişdir ki, bu komitənin aktiv fəalliyyəti üçün Avropa Şurasının sərt mövqeyi lazımdır. Ermənilərin səylərinə baxmayaraq, bu mütləq olacaqdır.
Layihənin nəticəsi haqqında danışan F.Muradov vurğulamışdır ki, məqsəd iştirakçıların yeni məlumatlar əldə etməsi, yeni münasibətlərin yaranması və gələcək planların müəyyənləşdirilməsi idi. “Bu tədbirin nəticəsi gözləniləndən də artıq oldu. Layihə gələcəkdə də davam etdiriləcəkdir. Ölkədə jurnalistlərə böyük dövlət qayğısı vardır və peşəkar jurnalistlərin sayı getdikcə artmaqdadır. Artıq Azərbaycanda peşəkar jurnalist ordusu yetişir”.
Tədbirdə “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Blogerlik və sosial jurnalistika” mövzusunda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
“Jurnalistlərin qış məktəbi”nin son günü, həmçinin İvanovka kəndinə tur təşkil edilmişdir.