SİYASƏT
Kamal Cəfərov: Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünyada peyvənd ayrı-seçkiliyinə qarşı qlobal mübarizə başlandı
Strasburq, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu məsələ qlobal miqyasda qaldırıldı və peyvənd ayrı-seçkiliyinə qarşı mübarizə BMT tərəfindən dəstəkləndi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı mübarizədə qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulamaq məqsədi ilə BMT Baş Assambleyasında peyvənd ayrı-seçkiliyinin qarşısının alınması üzrə xüsusi sessiyanın çağırılmasının təşəbbüskarı oldu. Bundan sonra 2021-ci il dekabrın 16-da BMT-yə üzv dövlətlər bu məsələ ilə bağlı Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının irəli sürdüyü qətnamə qəbul etdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun payız sessiyasında “Peyvənd ayrı-seçkiliyinin qarşısının alınması”na dair məruzənin müzakirəsi zamanı səsləndirib.
Bildirib ki, peyvənd ayrı-seçkiliyinə qarşı mübarizə məqsədi ilə Azərbaycan aşağı gəlirli ölkələri dəstəkləyən ilk ölkələrdən biridir. Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib. Pandemiyaya qarşı mübarizədə ÜST-ə 10 milyon dollar ianə edib, onun yarısı birbaşa Qoşulmama Hərəkatına üzv ölkələrə verilib. Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya peyvəndlərinin 80 faizi G20 - inkişaf etmiş ölkələrə və yalnız 0,6 faizi isə inkişaf etməkdə olan, aşağı gəlirli ölkələrə gedib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq