MƏDƏNİYYƏT
“Kaspi” qəzetinin 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir
Bakı, 23 dekabr (AZƏRTAC). Dekabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzetinin 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir.
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutacaq toplantıda kütləvi informasiya vasitələrinin rəhbərləri, media ekspertləri, ictimai və rəsmi şəxslər iştirak edəcəklər.
Mətbuat Şurasından AZƏRTAC-a bildirmişlər ki, konfransda “Kaspi”nin Azərbaycan mətbuatında oynadığı tarixi rol, nəşrin 1918-ci ildə əldə edilən dövlət müstəqilliyimizin ideya bazasının formalaşmasındakı xidmətləri nəzərdən keçiriləcək, onun ölkəmizin ikinci dəfə suverenliyinə qovuşmasından sonrakı fəaliyyət istiqamətləri təhlil olunacaqdır.
Tədbirdə yubilyar nəşrlə bağlı yenicə çapdan çıxmış “Üç əsrin qəzeti” kitabının da təqdimatı olacaqdır. “Kaspi”nin 1881-ci ildən başlanan tarixinin, inkişaf yolunun və müasir dövrünün əksini tapdığı kitabda qəzetin yubiley münasibətilə bu il aprelin 1-dən avqustun 31-dək mətbuat tarixinin araşdırmaçıları, ekspertlər və jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim olunan məqalələr yer almışdır.
Konfransda həmin müsabiqə qaliblərinin mükafatlandırılmaları da nəzərdə tutulur.