Kəlbəcərin işğalı nəticəsində rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri İB-in sədr müavini Həbib Misirov açaraq kəlbəcərlilərin artıq 25 ildir öz dədə-baba torpaqlarından didərgin düşdüklərini söyləyib. Bildirilib ki, işğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcərin Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyük rayon olduğunu qeyd edən natiq işğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlərin erməni quldurları tərəfindən xarabazara çevrildiyini qeyd edib.
Daha sonra çıxış edən Əməkdar jurnalistlər Əlövsət Ağalarov, Adil Cəmil, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, İB-in layihələr şöbəsinin rəhbəri Həqiqət Şükürova və digərləri Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilməsindən danışıblar.
Tədbirdə işğal olunmuş torpaqların geri qaytarılacağı, qətlə yetirilmiş dinc əhalinin intiqamının alınacağı günün yaxında olduğu vurğulanıb.