REGİONLAR
“Kənd təsərrüfatında informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi müzakirə edilmişdir
Ağcabədi, 11 aprel (AZƏRTAC). Ağcabədidə Aqro İnformasiya Mərkəzinin (AİM) təşəbbüsü ilə mərkəzi Aranda “Kənd təsərrüfatında informasiya - məsləhət xidməti haqqında” qanun layihəsinin ictimai müzakirəsinə dair “dəyirmi masa” keçirilmişdir.
AİM-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə kənd təsərrüfatı məsləhətçiləri, ictimai birliklərin, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, sahibkarlar, fermerlər iştirak etmişlər.
Tədbirdə çıxış edən AİM idarə heyətinin sədri Fazil Cəfərov qanunun əhəmiyyətindən danışaraq kəndlərdə davamlı fermerçilik sistemlərinin formalaşması üçün informasiya-məsləhət xidmətinin göstərilməsinin gərəkli olduğunu bildirmişdir. O qeyd etmişdir ki, Azərbaycanın kənd təsərrüfatı siyasətinin fermerlər üçün strategiyasının mərkəzində məhz informasiya-məsləhət xidməti dayanmalıdır. Müasir və innovativ məsləhət-informasiyalar fermerlərin kənd təsərrüfatı üzrə bilik və bacarıqlarını artıracaq və nəticədə təsərrüfata qoyulan vəsaitdən gələn gəlirlər yüksələcəkdir.
Tədbirdə 25 maddədən ibarət qanun layihəsi qrup müzakirələrinə təqdim edilmişdir. Səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Milli Məclisin aqrar siyasət komitəsinə təqdim ediləcəkdir.
AİM 1999-2010-cu illərdə Azərbaycanda müştəri yönümlü kənd təsərrüfatı informasiya-məsləhət sisteminin yaradılması və inkişafına nail olmuşdur. AİM bu konsepsiyanın yaradılması və uğurla həyata keçirilməsində qazandığı nəticələrə görə 2008-ci ildə “Aqro bio elmlər” Beynəlxalq elmi-praktiki konfransında “Qlobal təsirə malik innovasiya” nominasiyasında ən yüksək sertifikata layiq görülmüşdür.