MƏDƏNİYYƏT
KƏNGƏRLİ RAYONUNUN ŞAHTAXTI KƏNDİNDƏ ŞAHTAXTİNSKİLƏRİN EV MUZEYİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Kəngərli, 14 may (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilərin ev muzeyi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov demişdir ki, Şahtaxtinskilərin bir çox nümayəndəsi - Məhəmməd ağa və Behbud ağa Şahtaxtinskilər xalqın azadlığı, maariflənməsi, inkişafı uğrunda mübarizə aparmışlar. Apardığı mübarizə Behbud ağa Şahtaxtinskiyə öz həyatı bahasına başa gəlmişdir. Lakin həyat belə insanları yaşadır. Az ömür yaşasa da onun ruhu şaddır ki, yaşadığı, boya-başa çatdığı bu həyət, ata-baba ocağı yenidən qurularaq xalqımızın, gənclərimizin istifadəsinə verilir. Ev muzeyi bir məktəb olmalı, gənclər Şahtaxtinskilərin keçdiyi həyat yolunu, mübarizə yolunu öyrənməli və o yolu davam etdirməlidirlər. Ona görə ki, bu gün Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirməyə ehtiyacı vardır. Bunun üçün hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməli, Şahtaxtinskilər kimi mübariz olmalıdırlar.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan tarixinə, mədəniyyətinə, elm və ictimai fikrinə ucaldılan abidə üçün ziyalılar adından dərin minnətdarlığını bildirmiş, yeni-yeni əsərlər yazmaqla həm ev muzeyini zənginləşdirəcəklərinə, həm də belə muzeylərdən bəhrələnən vətənpərvər gənclər yetişdirəcəklərinə əminliyini ifadə etmişdir.
Fransada yaşayan Şahtaxtinskilər nəslinin nümayəndəsi Aleksis Şahtaxtinski mənsub olduğu soya görə qürur hissi keçirdiyini bildirmiş, bolşevik inqilabından sonra dünyanın müxtəlif ölkələrinə köçüb getmiş Şahtaxtinskilər barədə məlumat vermişdir. Hər dəfə Naxçıvana gələndə ulu babası Əli bəyin yaşadığı evə baş çəkən Aleksis Şahtaxtinski doğma kəndindəki bu evi müqəddəs yer sayır. Çünki bu evdə onun ulu əcdadlarının ruhları dolaşır. O, hər yerdə fəxrlə deyir: “Əlbəttə ki, mən azərbaycanlıyam, daha dəqiq naxçıvanlı, şahtaxtılıyam”.
Vasif Talıbov və Aleksis Şahtaxtinski ev muzeyinin rəmzi açılışını bildirən lenti kəsmişlər.
Muzeydə 300-ə yaxın eksponat nümayiş etdirilir.
Bu kəndin yetirməsi, görkəmli rəssam Elmira Şahtaxtinskayanın ev muzeyindən gətirilmiş eksponatlar Şahtaxtinskilər muzeyinə təqdim edilmişdir.
Ali Məclisin sədri V.Talıbov muzeyin xatirə kitabına bu sözləri yazmışdır: “Şahtaxtinskilər muzeyi Azərbaycan ziyalılarının xalqı, Vətəni uğrunda apardığı mübarizənin simvolu olan bir muzeydir”.
Aleksis Şahtaxtinski də xatirə kitabına öz ürək sözlərini yazmışdır.
######