İDMAN
Kişi voleybolçular arasında yarışların qrup mərhələsi çərçivəsində altı oyun keçirilib
Bakı, 18 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 18-də birinci Avropa Oyunlarında kişi voleybolçular arasında yarışların qrup mərhələsi çərçivəsində altı oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan yarışda ilk olaraq meydana Bolqarıstan və Almaniya komandaları çıxıb. Azərbaycanlı baş hakim Eldar Əliyevin idarə etdiyi oyunda Almaniya millisi asan qələbə qazanıb - 3:0 (25:20, 25:18 və 25:22).
Günün ikinci qarşılaşması Rusiya və Slovakiya milliləri arasında təşkil olunub. Görüş rusiyalı voleybolçuların 3:1 (24:26, 25:17, 25:18 və 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.
Sonra meydana Finlandiya və Türkiyə voleybolçuları çıxıblar. Əzmkarlıq nümayiş etdirən türkiyəli voleybolçular görüşdən 3:0 (25:14, 25:16 və 25:13) hesablı qələbə ilə ayrılıblar.
Azərbaycan millisi də növbəti oyununu keçirib. Azarkeşlərin hərarətli dəstəyinə baxmayaraq baş məşqçi Bülənt Qarslıoğlunun yetirmələri Fransa millisinə 0:3 (17:25, 16:25 və 18:25) hesabı ilə məğlub olub.
Günün ən gərgin idman mübarizəsi şəraitində keçən görüşü İtaliya və Belçika voleybolçuları arasında olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün qalibi tay-brekdə müəyyənləşib və belçikalı voleybolçular meydandan qalib ayrılıb - 3:2 (26:24, 16:25, 25:19, 12:25 və 15:13).
Günün sonuncu qarşılaşması Serbiya və Polşa yığmaları arasında olub. Bolqarıstanlı hakim İvaylo İvanovun idarə etdiyi görüşdə Polşa millisi qalib gəlib: 3:2 (13:25, 21:25, 25:15, 25:23 və 15:9).