DÜNYA
KİV: ABŞ və Britaniyanın zərbələri nəticəsində Yəməndə iki hava limanı və bir hərbi baza hədəfə alınıb
Bakı, 12 yanvar, AZƏRTAC
ABŞ və Böyük Britaniyanın Yəmənə silahlı hücumunun hədəfi Səna və Hudeyda hava limanları, həmçinin Əd-Dailami aviabazası olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ və Britaniya qüvvələri Yəmənin Səna, Səada, Hudeyda, Taiz və Dhamar da daxil olmaqla bir sıra şəhərlərində “Ənsar Allah” hədəflərinə təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.