KİYEVDƏ QİƏT ÜZVÜ OLAN ÖLKƏLƏRİN XİN BAŞÇILARININ İCLASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 17-də Kiyevdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 18-ci iclası olmuşdur. İclasda ölkəmizi Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etmişdir.
İclasın sonunda keçirilmiş mətbuat konfransında təşkilatın baş katibi Leonidas Xrizantopulos bildirmişdir ki, Ukrayna QİƏT-də uğurla sədrlik etmişdir. Onun fikrincə, Ukraynanın əsas uğurlarından biri QİƏT-in Avropa İttifaqına yaxınlaşmasıdır. Bu gün Ukrayna sədrlik estafetini Albaniyaya vermişdir.
Baş katib daha sonra bildirmişdir ki, təşkilatın bu gün qəbul edilmiş büdcəsi 2009-cu il yanvarın 1-dən etibarən qüvvəyə minəcəkdir. Bu büdcədə hesablaşma valyutası avro olacaqdır.
Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko qeyd etmişdir ki, Ukrayna QİƏT-də sədrlik etdiyi 6 ay müddətində nəzərdə tutulan planları reallaşdırmağa nail olmuşdur. O xatırlatmışdır ki, bu müddətdə nəqliyyat, energetika sahələrində, gömrük idarələri arasında, təhsil, texnologiyalar, kiçik və orta biznes sahəsində əməkdaşlıq fəallaşmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir.
Başqa ölkələr də əməkdaşlığın müxtəlif sahələrində təşkilata qoşulmaq arzusunda olduqlarını bildirmişlər. Bu gün Böyük Britaniya QİƏT-in tərəfdaşı statusu almışdır.
QİƏT-in baş katibi Leonidas Xrizantopulos qeyd etmişdir ki, indi Böyük Britaniya müxtəlif sahələrin inkişafına həsr edilmiş görüşlərdə iştirak edə biləcəkdir. Baş katib Yaponiyaya müşahidəçi statusu verilməsi barədə sualın cavabında bildirmişdir ki, bu məsələ ən yaxın vaxtlarda həll ediləcəkdir.