İQTİSADİYYAT
KOB-lara dəstək tədbirləri çərçivəsində sahibkarların əl işləri sərgidə nümayiş olunacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Mikro və kiçik sahibkarlar öz əl işlərini II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo 2019”) təqdim edəcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sentyabrın 12-14-də keçiriləcək sərgidə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılacaq xüsusi stenddə əsasən mikro və kiçik qadın sahibkarların əl işləri nümayiş olunacaq. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və sair sərgilənəcək.
KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi dəstək göstərir. Bu cür tədbirlər KOB-ların satış imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, ümumilikdə sahibkarlığın inkişafı və təşviqi baxımından əlverişli platformanı təmin edir.
“Caspian Event Organisers”in təşkilatçılığı ilə keçiriləcək sərgi KOBİA tərəfindən dəstəklənir.