İQTİSADİYYAT
KOBİA Startap ekosistemi iştirakçılarına müraciət edib
![KOBİA Startap ekosistemi iştirakçılarına müraciət edib](/files/2022/1/1200x630/16485395332473825693_1200x630.png)
Bakı, 29 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Startap ekosistemi iştirakçılarına müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Take Off Baku” Startap Sammitinə qeydiyyat başa çatmaq üzrədir. Sammitin keçirilməsində məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.
KOBİA-nın da tərəfdaş olduğu “Take Off Baku” Startap Sammitinin gündəliyinə investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu məruzəçilərin çıxışları və sair daxildir. Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri dəyərləndirəcək. Mükafat fondu I yer üçün 15 min ABŞ dolları, II yer üçün 10 min ABŞ dolları və III yer üçün 5 min ABŞ dolları təşkil edir.
Qeydiyyat üçün son müraciət tarixi martın 31-dir. Qeydiyyat üçün link: https://www.t3kys.com/en/takeOff/apply/2184/0/0
Ətraflı məlumat üçün: (+994 12) 310-14-00, (+994 50) 251-40-28, [email protected].