KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsi hakimlərinin, maraqlı subyektlərin nümayəndələrinin, ekspert və mütəxəssisin iştirakı ilə keçirilən iclasda Konstitusiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsi və “Məhkəmə qərarlarının icrası haqqında” Qanunun 82.3-cü maddəsinin şərh edilməsinə dair Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə məruzəçi-hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələri İ.Şirinov və İ.Cəfərovun, ekspert M.Mövsümov və mütəxəssis B.Əsədovun çıxışlarını dinləyib, müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci və 265.6-cı maddələrinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsində təsbit edilmiş hakimlərin işlərə qərəzsiz baxması prinsipinə xələl gətirdiyi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə uyğun olaraq, daha sonra qüvvəyə minmiş «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi tətbiq olunmalıdır.
«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan; 2) «məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat» Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 205.1-ci maddəsinin müddəalarına əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında vəzifəli şəxslərin müraciətinin bir növü kimi qəbul olunmalıdır.
Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.