İDMAN
“Könüllülük Proqramı”nın təqdimatı keçirilmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin ofisində “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012” çərçivəsində “Könüllülük Proqramı”nın təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq, könüllülük proqramı və iş imkanları haqda geniş məlumat verilmişdir.
“FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”-nin Yerli Təşkilat Komitəsinin koordinatoru Nərgiz Məmmədova və Yerli Təşkilat Komitəsinin Könüllülük üzrə direktoru Vüqar Rüstəmli bildirmişlər ki, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulmuşdur. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə kömək göstərəcəklər. Könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaqdır.
Vurğulamışlar ki, beynəlxalq könüllülər komandasında üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdir. Hər bir könüllü bir neçə üstünlüklərə sahib olacaqdır. Bunlar - könüllülər üçün xüsusi hazırlanmış geyim, FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər, xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə və mundialın beynəlxalq könüllülük sertifikatıdır.