ELM VƏ TƏHSİL
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin texniki əsaslandırma qrupu layihə ilə əlaqədar Təhsil Nazirliyində olmuşdur
Bakı, 1 mart (AZƏRTAC). Üç koreyalı ekspert və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) baş ofisindən layihə menecerindən ibarət texniki əsaslandırma qrupu fevralın 25-dən martın 1-dək Təhsil Nazirliyinin “Müəllimlər üçün E-təhsil sistemi və E-sənəd dövriyyəsi sisteminin yaradılması” layihəsinin səmərəliliyini araşdırmaq məqsədi ilə Azərbaycana səfər etmişdir.
KOICA-nın Azərbaycandakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, texniki əsaslandırma qrupu Təhsil Nazirliyində müəllimlər üçün E-təhsil sistemi, e-sənəd dövriyyəsi sistemi, e-xidmət və s. layihənin detallarına dair bir sıra görüşlər keçirmişdir. Koreyalı ekspertlər, həmçinin təhsil naziri Misir Mərdanov, əlaqədar təhsil işçiləri və mütəxəssislər üçün E-sənəd dövriyyəsi sistemi və təhsil idarəetmə sisteminə dair bir sıra təqdimatlar keçirmişlər.
“Müəllimlər üçün E-təhsil sistemi və E-sənəd dövriyyəsi sisteminin yaradılması” layihəsinin müzakirə protokolu martın 1-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin baş ofisindən layihə meneceri xanım Jeon Hye Sun və təhsil nazirinin müavini Qulu Novruzov tərəfindən imzalanmışdır.
İlkin büdcəsi 6 milyon ABŞ dolları olan layihənin 2014-cü ildə başlanılması nəzərdə tutulur. Elektron sənəd dövriyyəsi sistemi və müəllimlər üçün elektron təhsil sisteminin yaradılmasından ibarət olan layihənin məqsədi Təhsil Nazirliyi və onun tabeliyində olan müəssisələr arasında şəffaf və səmərəli informasiya axınının təmin edilməsi, eləcə də Azərbaycanda 170 mindən çox müəllimin milli standartlara uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları və tədris sahəsində bacarıqlarının fərdi onlayn və birgə təlimi vasitəsilə gücləndirilməsidir.