Körpələrin sağlam qidalanması üçün ana südü başlıca şərtdir
Şəmkir, 2 aprel, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə Şəmkirdə "Ana südü körpələrin sağlam qidalanmasının başlıca şərti kimi" mövzusunda tibbi maarifləndirici tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri və rayonun gənc xanımları iştirak ediblər.
Diskussiya şəraitində keçirən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Lətafət Dadaşova iştirakçılara mövzu ilə bağlı məlumat verib.
Qeyd edilib ki, uşağı 2 yaşına qədər ana südü ilə qidalandırmaq tövsiyə olunur. Körpəni cədvəllə deyil, onun tələbatına uyğun əmizdirmək lazımdır. İlkin südün tərkibinə körpənin həyatı üçün vacib olan bir sıra qoruyucu qidalı maddələr daxildir və bu maddələrə qarşı körpənin orqanizmi çox həssasdır. Ona görə də hər bir ana bunu nəzərə almalıdır.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.