Külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 2 aprel, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram heroin aşkarlanıb. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı isə əlavə olaraq 100 qramdan artıq heroin, 4,221 qram tiryək, 20 qramdan çox “Metamfetamin”, həmçinin 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Ravin Əliyev 2,42 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 2,25 qram, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 473 qram marixuana aşkarlanıb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.