CƏMİYYƏT
Kürdəmir rayonunun Ərəbxana kəndində səyyar qəbul-görüş
Kürdəmir, 16 iyul (AZƏRTAC). İyulun 16-da Kürdəmir rayonunun Mollakənd inzibati ərazi dairəsinin Ərəbxana kəndində qəbul-görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Mollakənd kənd inzibati ərazi dairəsinə daxil olan Mollakənd, Türkədi, Çərtəyəz və Ərəbxana kəndlərinin sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Mollakənd inzibati ərazi dairəsinin nümayəndəsi Ağamir Həsənov və kənd bələdiyyəsinin sədri Mustafa Rəhimov kəndin əhalisi, onların məşğuliyyəti və sosial -iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib, kənddəki mövcud sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışıblar.
Səyyar qəbulda çıxış edən kənd sakinləri təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar rəy və təkliflərini veriblər.
Qaldırılan məsələlərin bir çoxu elə qəbul zamanı öz həllini tapıb.
Digər problemlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Səyyar qəbul-görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev iştirak edib.