DÜNYA
“Kurio 4S” uşaq smartfonu təqdim edilmişdir
Bakı, 25 yanvar (AZƏRTAC). Bu günədək müxtəlif istehsalçılar uşaqlar üçün nəzərdə tutulmuş xeyli sayda planşet istehsal etmişlər. Lakin “uşaq” smartfonları hələ ki, çoxluq təşkil etmir və “KD Interactive” şirkəti məhz belə yenilik təqdim etmişdir. Yeni aparat “Kurio 4S” adlandırılmışdır.
Cihaz texniki xarakteristikasına görə göz oxşamır: 800x480 piksel təsvir ölçülü 3,97 düymlük ekran, naməlum takt tezlikli ikinüvəli prosessor, müvafiq olaraq 1 və 8 qiqabayt əməli və daxili yaddaş, həmçinin 2,1 və 0,3 meqapiksel təsvir ölçülü kamera və 2 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmişdir.
“Kurio 4S” smartfonu “Android 4.2” əməliyyat sisteminin öncədən quraşdırılmış tətbiq dəstinə malik xüsusi versiyası ilə işləyir, həmçinin valideyn nəzarəti və genişləndirilmiş təhlükəsizlik funksiyaları nəzərdə tutulmuşdur. Məsələn, valideynləri günün vaxtından asılı olaraq smartfondan istifadəyə müəyyən məhdudiyyətləri təyin edə, kontaktlar siyahısına nəzarət edə və internetə çıxış imkanını filtrdən keçirə, həmçinin GPS naviqasiya peykinin məlumatına görə uşağın yerini izləyə bilərlər. Bundan başqa, “Kurio 4S” smartfonunun yaddaşına xilasetmə xidmətinin nömrələri yazılır və smartfonun söndürmə düyməsinin üç dəfə sıxılması səssiz SOS mesajı göndərir.