DÜNYA
Küveytin neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 10 nəfər xəsarət alıb
Qahirə, 14 yanvar, AZƏRTAC
Küveytin Mina əl-Əhmədi neft emalı zavodunda qaz mayeləşdirmə qurğusunda texniki xidmət zamanı baş verən yanğın nəticəsində on nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Küveyt Milli Neft Şirkətinin məlumatına görə, xəsarət alanların yeddisi Əl-Adan Xəstəxanasına aparılıb. Onlardan beşinin vəziyyəti ağırdır. İki işçi isə orta dərəcəli yanıq xəsarətləri alıb.
Neft emalı zavodunun rəhbərliyi dərhal fövqəladə vəziyyət planını işə salıb və yanğınsöndürmə dəstəsi yanğını nəzarət altına ala bilib. Qəzanın baş verdiyi qurğu işlək vəziyyətdə olmadığından neft emalı və ixrac əməliyyatlarına ciddi ziyan dəyməyib.
Mina əl-Əhmədi neft emalı zavodu Küveytin daxili bazarını benzin və dizellə təmin edir. Burada gündəlik 25 min barel neft emal olunur. Obyekt karbon emissiyasını azaltmaq və istehsal həcmini artırmaq məqsədilə bu yaxınlarda rekonstruksiya edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə