SİYASƏT
Latviyanın Baş naziri Azərbaycana səfərə gələcəkdir
Bakı, 11 aprel (AZƏRTAC). Latviyanın Baş naziri Valdis Dombrovskis Azərbaycana səfərə gələcəkdir.
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu barədə məlumat verən Latviyanın Azərbaycandakı səfiri Xardiys Baumanis qeyd etmişdir ki, bu, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan bəri Latviya hökuməti başçısının ilk səfəri olacaqdır.
Diplomat demişdir: “Səfər yaya nəzərdə tutulmuşdur, onun konkret müddətləri və proqramı diplomatik kanallarla razılaşdırılacaqdır”.
Səfirin sözlərinə görə, səfər çərçivəsində Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərinin müzakirəsi gözlənilir.
Qeyd edək ki, 2011-ci ilin yekunlarına görə Azərbaycanla Latviya arasında əmtəə dövriyyəsi 27,9 milyon dollar olmuşdur. 13,9 milyon dollar Azərbaycan idxalının, 14 milyon dollar isə ixracının payına düşür.