Layihə İdarəetmə Məktəbinin proqramı Azərbaycan dilində də tədris olunacaq
Bakı, 6 aprel, Elvin Camalov, AZƏRTAC
Layihə İdarəetmə Məktəbinin proqramı Azərbaycan dilində də tədris olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzun buraxılışında deyib.
O bildirib ki, hazırda Layihə İdarəetmə Məktəbinin proqramı ingilis dilində tədris olunur və gələcəkdə bu proqramın Bakı Ali Neft Məktəbində Azərbaycan dilində tədrisi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarını əsas tutan və artıq 6 ildir ki, uğurla fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi yüksək ixtisaslı ingilis dilli mühəndislər hazırlayır. Ali Məktəb yalnız neft-qaz sektoru üzrə deyil, biznes və iqtisadiyyat sahəsində mütəxəssis hazırlığı üçün də bir sıra işlər görüb. Bu layihələrdən biri olan Layihə İdarəetmə Məktəbi artıq bir ildən çoxdur ki, Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyi ilə yüksək səviyyədə həyata keçirilir. Bundan başqa Ali Məktəbin BP və onun tərəfdaşları ilə birgə işləyib hazırladığı və artıq icrasına başladığı "Mühəndislər üçün biznes təhsili" layihəsi də gənc mühəndislərin gələcəyi üçün geniş imkanlar açır.