ELM VƏ TƏHSİL
Layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir
Bakı, 26 yanvar (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, təcrübəli ekspertlərin müvafiq qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və Komissiyanın internet saytında yerləşdirilir.
TQDK-nın xüsusi diqqət yetirdiyi sahələrdən biri də qəbul imtahanlarına fərdi qaydada, müstəqil hazırlaşan abituriyentlərə metodiki kömək göstərilməsidir. Qlobal şəbəkənin verdiyi imkanlardan yararlanan Komissiya 2010-cu ildən bu istiqamətdə layihə həyata keçirir.
Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri aparılır.
Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər. Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlist nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar.
Bu prosesdə iştirak etmək istəyən müəllimlər özlərinə aid məlumatları - çalışdığı orta məktəb, pedaqoji stajı və s. fotoşəkili ilə birgə [email protected] elektron poçtuna göndərə bilərlər.