SİYASƏT
Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir
Lənkəran, 22 iyun (AZƏRTAC). İyunun 22-də Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Xatirə Parkına gələrək Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edənlər rayonun dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, 2000-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında Qanun”un ölkəmizdə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının hüquq və vəzifələrinin müəyyənləşdirdiyini bildirmişlər. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, iyunun 23-nün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsinin bu şərəfli sahədə çalışanların məsuliyyətini daha da artırdığı diqqətə çatdırılmışdır.
Dövlət qulluğunda çalışanların rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal mövqe tutduqları vurğulanmış, qarşıdan gələn prezident seçkilərində dövlət qulluqçularının Azərbaycan dövlətinin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliklərini ifadə etmişlər.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.