REGİONLAR
Lənkəranda “Əsas həyat bacarıqları” təlim proqramı həyata keçirilib
Lənkəran, 2 iyun, İ.Cəfərli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə respublikanın 15 şəhər və rayonunda start götürən və gənclərdə özünüdərketmə, şəxslərarası və düşünmə bacarıqlarının formalaşdırılmasını hədəfləyən “Əsas həyat bacarıqları” təlim proqramı Lənkəranda da uğurla həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində “Basic Life Skills TOT” sertifikatlı təlimçi, fasilitator Kənan Əhmədbəyli tərəfindən gənclərə "Stresin idarə olunması", "Emosional tənzimləmə", "Müsbət düşünmə", "Özünüqiymətləndirmə", "Dinləmə bacarıqları", "Mübahisələri həlletmə", "İnamlı ünsiyyət", "Məqsədi müəyyənləşdirmə", "Qərar qəbuletmə", "Problemi həlletmə" və digər mövzular haqqında ətraflı məlumatlar verilib. Təlimlər zamanı gənclər müxtəlif tapşırıqları həll ediblər.
Müsahibə əsasında seçilmiş 17-24 yaş arası 24 gənc iki ay ərzində sözügedən layihədə iştirak edib.
“Əsas həyat bacarıqları” təlim proqramının keçirilməsində məqsəd region gənclərinin şəxsi və peşəkar həyatında qarşılaşdıqları problemlərin aradan qaldırılması, onlarda sosial və emosional bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, layihə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilib.