CƏMİYYƏT
Lənkəranda qanvermə aksiyası keçirilir
Lənkəran, 14 dekabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının fətvasına əsasən, Aşura günü ilə əlaqədar dekabrın 14-də Lənkəran şəhərində qanvermə aksiyasına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasının qanköçürmə şöbəsində təşkil olunan aksiya iki gün davam edəcəkdir.
Xeyriyyə tədbirinə Astara, Lerik və Masallı rayonlarının sakinləri də qoşulmuşlar.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Sədi Axundzadə bildirmişdir ki, Aşura günü ilə əlaqədar ilk dəfə 2002-ci ildə respublika üzrə qanvermə aksiyası keçirilərkən bu aksiyaya birinci lənkəranlılar qoşulmuşlar. Artıq 9 ildir ki, rayonda bu xeyirxah iş davam edir.
Toplanılan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcəkdir. Qanın bir hissəsi talassemiyalı, hemofiliyalı və digər qan xəstəliklərinin müalicəsinə sərf olunacaqdır.
Aksiyada dindarlarla bərabər, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak edirlər.