CƏMİYYƏT
Lənkəranda “Qədir-Xum” bayramı qeyd edilmişdir
Lənkəran, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Lənkəran şəhərindəki Böyük Bazar məscidində İslam dünyasının böyük bayramlarından biri olan “Qədir-Xum” bayramı qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, cənub bölgəsinin 500-ə yaxın dindarının iştirak etdiyi tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, o cümlədən qurumun bölgədəki nümayəndələri, nüfuzlu din alimləri iştirak etmişlər.
Bayram mərasimi müqəddəs Qurani Kərimin oxunuşu ilə başlanmışdır.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin bayram münasibəti ilə dindarlara ünvanladığı təbrik məktubu oxunmuşdur.
Mərasimdə Qədir-Xum gününün əhəmiyyəti və İslam tarixində tutduğu önəmli yeri barədə ətraflı məlumat verilmişdir.
Cənub bölgəsində ilk dəfə qeyd olunan Qədir-Xum bayramında işğal altında olan bütün İslam ölkələrinin torpaqlarının, o cümlədən Qarabağın azadlığı üçün dualar oxunmuş, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılmışdır.
Bayram münasibəti ilə ehsan süfrəsi açılmış və dini mövzuda musiqili-kompozisiya nümayiş olunmuşdur.
Qeyd edək ki, bayram hər il İslam təqvimi ilə Zilhiccə ayının 18-də qeyd olunur. Bu, Məhəmməd peyğəmbərin sonuncu həcc ziyarətindən qayıdan zaman İmam Əlini özündən sonra İslam ümmətinin rəhbəri təyin etməsi hadisəsi ilə bağlıdır. Həmin hadisə Ərəbistan yarımadasının Xum çölündə baş verdiyi üçün bu günə “Qədir-Xum”, yəni “Xum Gecəsi” deyilir.