Lənkəranda “Sehrli Yeni il” nağıl tamaşasının premyerası olub
Lənkəran, 22 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının səhnəsində uşaqlar üçün nəzərdə tutulan “Sehrli Yeni il” nağıl tamaşasının premyerası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni il əhvali-ruhiyyəsini əks etdirən tamaşa rəngarəng səhnə tərtibatı, maraqlı süjeti və canlı obrazları ilə balaca tamaşaçıların böyük marağına səbəb olub.
Səhnədə yaradılan nağıl dünyası, musiqi tərtibatı və aktyor oyunu balaca tamaşaçılara bayram ovqatı yaşadıb, onlar üçün unudulmaz anlarla yadda qalıb.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur. Quruluşçu rəssam Fuad Babazadə, rəssam Sevən Həsənli, musiqi tərtibatçısı isə Vüqar Fərəcovdur.
Nağıl tamaşasında Şaxta baba rolunu Allahverən Babayev və Elçin Hacıyev, Qar qız obrazını Günel Bağırova və Aysel Babazadə canlandırıblar. Böyük cırtdan rollarında Teymur Hacızadə və Emil Rzayev, Ortancıl cırtdan obrazında Elvin Məmmədov və Saleh Əzimzadə, Balaca cırtdan rolunda isə Cəfər Səlimov çıxış edib. Yaşlı Befyan obrazını Təranə Fərəcova və Məleykə Cəfərova, Sarı Befyan rolunu Nuranə Nəcəfova və Gülər Kərimova, Qara Befyan obrazını isə Şəbnəm Hüseynova və Ayşən Əsədova ifa ediblər. Əjdaha rolunda Rauf Zeynalov, Karlson obrazında isə Elçin Hacıyev səhnəyə çıxıb.
“Sehrli Yeni il” nağıl tamaşası bayram günlərində də nümayiş etdiriləcək.