LİTVA BAŞ NAZİRİNİN SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ İKİTƏRƏFLİ SƏNƏDLƏR İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 21-də Azərbaycanın Baş naziri Artur Rasizadə Litvanın baş naziri Gediminas Kirkilasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Hökumət başçılarının təkbətək görüşündən sonra geniş tərkibdə Azərbaycan-Litva danışıqları keçirilmişdir.
Azərbaycanın Baş naziri son vaxtlar fəal inkişaf edən Azərbaycan-Litva əlaqələrinə yüksək qiymət verərək ümidvar olduğunu bildirmişdir ki, Litva hökuməti nümayəndə heyətinin, habelə işgüzar adamlardan ibarət böyük bir qrupun budəfəki səfəri qarşılıqlı surətdə faydalı əməkdaşlığa və əmtəə dövriyyəsinin artmasına təkan verəcəkdir. Azərbaycan iqtisadiyyatının uğurlarından, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən qlobal nəqliyyat və energetika layihələrindən danışan A.Rasizadə vurğulamışdır ki, ölkənin başlıca problemi həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. O, ölkə rəhbərliyinin münaqişənin nizama salınmasına dair göstərdiyi səylərdən, bir sıra ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışmışdır.
Litvanın baş naziri Gediminas Kirkilas ümummilli lider Heydər Əliyevin Azərbaycanın neft yataqlarının işlənməsi sahəsində həyata keçirdiyi uzaqgörən siyasəti, ölkəni qısa müddətdə regionun lider dövlətinə çevirən milli neft strategiyasını yüksək qiymətləndirmişdir.
Danışıqlar zamanı kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın yaradılması barədə qərar qəbul edilmişdir.
Hökumət başçıları danışıqların yekunlarına dair “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və energetika sahələrində əməkdaşlıq haqqında Saziş” imzalamışlar.
İki ölkənin nəqliyyat idarələrinin rəhbərləri dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq, habelə beynəlxalq qarışıq avtomobil daşımaları barədə sazişlər imzalamışlar.
Sonra keçirilən mətbuat konfransında Litva hökumətinin başçısı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəsinin mövqeyi barədə suala cavab verərək bildirmişdir ki, Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin dinc yolla həllini dəstəkləyir.
![]() |
![]() |

