DÜNYA
Litvada ötən il ölüm hallarının sayı 10 faiz artıb
Vilnüs, 1 fevral, AZƏRTAC
COVID-19 pandemiyası səbəbindən ölüm hallarının çox olduğu 2020-ci illə müqayisədə ötən il ölüm sayı 10,1 faiz artıb. Bununla yanaşı, doğum səviyyəsi 2 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litva Statistika Bürosu məlumat yayıb.
Bildirilib ki, ötən il ölkədə 47 min 900 nəfər dünyasını dəyişib, yeni doğulanların sayı isə təxminən 24 min 600 nəfər təşkil edib.
Qeyd edilib ki, Litva əhalisinin əksəriyyətini yaşlı insanlar təşkil edib. Belə ki, carı ilin əvvəlində ölkədə 15 yaşdan 64 yaşa qədər hər 100 sakinə 31 yaşlı sakin və 23 uşaq düşüb.
Büronun məlumatına əsasən ötən il Litvanı 28,3 min daimi sakin (bir il əvvəl ilə müqayisədə 16,7 min nəfər çox) tərk edib. Mühacirlərin əksəriyyətinin − təxminən dörddə birinin üz tutduğu istiqamət Böyük Britaniya, eləcə də Norveç və Almaniyaya olub.
Qeyd edilib ki, ötən il Litvaya 4326 qanunsuz miqrant gəlib. Onların yarısı İraq vətəndaşı olub, qalanları isə Konqo, Suriya, Kamerun, Belarus və Əfqanıstandan gəlib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs