İDMAN
London Olimpiya oyunlarına hazırdır
Bakı, 31 mart (AZƏRTAC). London, demək olar ki, Olimpiya oyunlarına hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri bir neçə gün bundan əvvəl Londonda 2012-ci ildə keçiriləcək XXX Yay Olimpiya Oyunlarına həsr olunmuş konfransda iştirak etmiş Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdiri Mirkamil Rəhimov demişdir.
Mirkamil Rəhimov qeyd etmişdir ki, mərkəzdən kənarda tikilən “Olimpiya parkı”nda işlər tam sürətlə gedir. Təhlükəsizlik məsələləri hərbi qurumlara tapşırılmışdır. Mən Azərbaycan nümayəndə heyətinin yerləşəcəyi məkana tam daxil ola bilməsəm də, qalacağımız binaları gördüm. Artıq voleybol meydançası , stadion hazır vəziyyətə gətirilmişdir. İlk dəfə olaraq Azərbaycan Olimpiadada açıq suda üzgüçülük və avarçəkmə idman növləri ilə təmsil olunacaqdır. “Yarışlarda daha çox medal qazanmaqdansa, yüksək əyarlı medal qazanmaq daha vacibdir”, - deyə natiq sonda vurğulamışdır.