DÜNYA
Londonun Trafalqar meydanında fəvvarələr işləməyəcəkdir
Bakı, 11 aprel (AZƏRTAC). Britaniya paytaxtının Trafalqar meydanında məşhur fəvvarələr bu yay işləməyəcəkdir. Onlar sudan istifadəyə qənaət edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qanuna əsasən söndürüləcəklər. Qanunda yaşıllıqların sulanmasına, hovuzların doldurulması və fəvvarələrin işlədilməsinə məhdudiyyətlər nəzərdə tutulur.
Qanunun tətbiqindən sonra Londonun mərkəzində azı 30 fəvvarə işləməyəcəkdir. Lakin bu qadağa Hayd parkdakı Şahzadə Diana abidəsinin fəvvarəsinə aid deyildir. Həmin fəvvarə mənbəyini ayrıca quyudan götürür.
Bir tərəfdən suya qənaət faydalı işdir. Digər tərəfdən isə ötən yay Avropada havaların çox isti keçməsi və bu yay Londonda keçiriləcək yay olimpiya oyunları ilə əlaqədar şəhərə turist axının artması ehtimalı bu cür qərarların məqsədəuyğunluğunu şübhə altına alır. Məsələn, İspaniya və İtaliyada ötən yay güclü istilər zamanı fəvvarələr yerli əhali və turistlər üçün yeganə nicat yeri idi. Londonda, əlbəttə, nisbətən sərin olacaq, lakin son illərin təcrübəsi anomal hava şəraitinə hazır olmağa vadar edir.