Lujiça serblərinin Pasxa bayramı ənənələri
Berlin, 30 mart, AZƏRTAC
Almaniyada çoxlarına məlum olmayan etnos yaşayır. Qərbi slavyan etnosu olan Lujiça serblərinin torpaqları min il əvvəl Zale və Oder çayları arasında yerləşirdi. Polab slavyanlarından yalnız müasir lujiçalılar öz dilini və mədəniyyətini qoruyub saxlayıblar.
AZƏRTAC xəbər verir ki, lujiçalılar sayı 60 min nəfər olmaqla, Şərqi Almaniya, habelə Polşanın bir neçə rayonunda yaşayırlar. Bu milli azlığın muxtariyyət hüququ yoxdur.
Lujiça serbləri haqqında ilk yazılı mənbə VII əsrə təsadüf edir. Bu etnos X əsrdə müstəqilliyini itirib və xristianlığı qəbul edib.
Hazırda Lujiça serblərinin üçdə ikisi katolik, üçdəbiri isə protestantdır. Onların nümayəndəsi Stanislav Tillix (XDİ) 2008-ci ildə Saksoniya federal əyalətinin Baş naziri seçilib və indi də bu vəzifədədir.
Sözügedən etnosun tarixən yaşadığı əyalət Lujiça (Lausitz) adlanır. Lujiça serblərinin mədəni irsində Pasxa bayramı ənənələrinin xüsusi yeri var. Bu ənənələrdən biri pasxa yumurtalarının boyanmasıdır. Lujiçalılar boyanmış yumurtaları təkcə bu bayramda deyil, digər təntənəli mərasimlərdə, həmçinin toylarda da bağışlayırlar.
Yumurta həyat və məhsuldarlıq rəmzidir. Bu regiona xas olan müxtəlif naxışlar, rəsmlər və rənglərin rəmzi mənası var - onlar sağlamlıq və xoşbəxtlik gətirməlidir. Dekorativ elementlər arasında çiçəklər, sarmaşıq bitkiləri və ulduzlar geniş yayılıb. Habelə dini süjetlərin təsvirlərinə tez-tez rast gəlinir.
Ənənəyə görə, İsa Məsihin Dirilməsi günü Lujiçada uşaqlar öz xaç atalarını (onların hər birinin altıya yaxın xaç atası var) ziyarət edirlər. Onların gətirdikləri səbətə hədiyyələr - yumurta, digər yeməklər, oyuncaqlar qoyulur. Lujiçada pasxa yumurtaları qədim vaxtlardan Böyük cümə günü boyanır, çünki həmin gün heç kim işləmir. Lakin yumurta boyamaq iş sayılmır.
Pasxa yumurtalarının boyanması ənənələri haqqında Saksoniya Bautsenindəki Lujiça Serblərinin Muzeyində (Sorbisches Museum) təşkil olunmuş xüsusi sərgidə məlumat əldə etmək olar. Brandenburq əyalətinin Kotbus şəhərində bu etnosun mədəniyyətinə Vend Muzeyi (Wendisches Museum) həsr olunub, lakin bu mədəniyyət ocağı 2016-cı ildə əsaslı təmir üçün bağlanıb. Muzeyin eksponatlarının bir hissəsi Şəhər Muzeyinə (Stadtmuseum Cottbus) köçürülüb.
Uşaqlar Lujiçanın yaşayış məntəqələrində indiyədək öz ənənəvi pasxa yumurtalarını diyirlətmə (Waleien) oyununu oynayırlar. Bunun üçün maili cığır və çuxur lazımdır. Oyunun iştirakçıları ilk oyunçunun yerləşdirdiyi, yaxud əvvəlki cəhdlərdən qalan yumurtaya toxunmalıdırlar. Yumurta diyirlətmə İsa Məsihin dirilişindən öncə Müqəddəs Tabutdan yuvarlanan daşın rəmzi sayılır.
Lujiça serblərinin daha bir pasxa ənənəsi digər regionlardan da çoxsaylı tamaşaçıların marağına səbəb olur. İsa Məsihin Dirilməsi günü burada keçirilən at yürüşündə min beş yüzə yaxın atlı iştirak edir. Onlar bir kənddən digərinə xoş xəbər çatdırır, sakinləri mahnılarla salamlayırlar.
Atlıların bəzisinin əlində çarmıx, yaxud İsa Məsihin zühuru fiqurları, habelə kilsə bayraqları olur. Ən uzun məsafəli yürüşün iştirakçıları həmin gün 40 kilometr yol qət edirlər. Parad forması isə yapıncı və şalvar, silindr və ağ köynəkdən ibarət olur.
Bu ənənənin yüzlərlə yaşı var. İlk yazılı mənbələr 1541-ci ilə təsadüf etsə də, tarixçilərin qənaətinə görə, onun kökləri bütpərəstlik dövrünə gedib çıxır. Çöllərin, otlaq və bağların yanından keçən atlılar bol məhsul, insanların əmin-amanlığı və ev heyvanları üçün dualar edirlər.
Atlılar kəndlərdə yürüşə fasilə verir və onlar üçün hazırlanmış bayram süfrəsinə qonaq olurlar. Getməzdən əvvəl onlar yerli keşişin oxuduğu dua mərasimində iştirak edirlər. Bu mərasimlər adətən məbədlərin önündə və qəbiristanlıqlarda keçirilir. Katoliklərin çoxluq təşkil etdiyi Yuxarı Lujiçada doqquz analoji yürüş keçirilir, lakin onlarda təkcə Lujiça serbləri deyil, protestantlar da iştirak edirlər.
İsa Məsihin Dirilməsi günü keçirilən digər mərasimdə Lujiçanın qızları və qadınları iştirak edirlər. Sübh çağı, günəş doğmazdan əvvəl və ya gecə onlar pasxa suyu (Osterwasser) gətirmək üçün çay kənarına, yaxud başqa su mənbəyinə yollanırlar. İnanclara görə, bayram günü gil qablarda gətirilən su müalicəvi əhəmiyyətə malikdir və dərini canlandırır.
Pasxa suyu üçün gedənlər danışmamalı, habelə kimsənin görməməsi üçün bütün bunları gizli etməlidirlər. Əks halda su öz təsirini itirə bilər. Bu ənənənin də kökü bütpərəstlərdən gəlir. Əvvəllər çay kənarında yuyunur, həmçinin ev heyvanlarını da çaya salırdılar. Buradakı kəndlərdə Böyük cümə günü hər yerdə tonqallar qalanır.
Lujiça serblərinin pasxa ənənələri haqqında hekayəmizi hər şeyin başlanğıcı olan ənənəvi pasxa tonqalları ilə bitiririk.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin