SİYASƏT
MACARISTANDA “AZƏRBAYCAN GÜNÜ” ADI ALTINDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Budapeşt, 24 aprel (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfirliyi bu ölkənin Debrecen şəhərində “Azərbaycan günü” adı altında silsilə tədbirlər keçirmişdir. Debrecen Universitetinin hüquq fakültəsində keçirilmiş ilk tədbirdə səfir Həsən Həsənov bu təhsil ocağının müəllim və tələbələri qarşısında “Azərbaycanın tarixi, müasir Azərbaycan və Azərbaycan-Macarıstan tarixi əlaqələri” mövzusunda çıxış etmiş, sualları cavablandırmışdır.
Tədbirlər çərçivəsində “Kim Azərbaycan haqqında daha çox bilir” mövzusunda müsabiqə də olmuşdur. Debrecen Universiteti və Abigel Çoxfunksiyalı İnstitutunun birgə təşkil etdiyi müsabiqəyə hazırlıq məqsədilə səfirliyin hazırladığı Azərbaycan tarixi, Azərbaycanın müasir dövrü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Macarıstan tarixi əlaqələri haqqında materiallar əvvəlcədən iştirakçılara göndərilmişdir. 80-dən çox iştirakçının mübarizə apardığı 20 komanda arasında keçirilmiş müsabiqənin qaliblərini müəyyən etmək üçün universitet, institut və səfirliyin əməkdaşlarından ibarət münsiflər heyəti yaradılmışdır.
Müsabiqənin birinci mərhələsində hər komanda səfirə Azərbaycan ilə bağlı bir sual ünvanlamış və H.Həsənov sualları cavablandırmışdır.
Növbəti mərhələdə iştirakçılar səfirlik tərəfindən hazırlanmış sualları bilet çəkmək üsulu ilə yazılı cavablandırmış və münsiflər heyətinə təqdim etmişlər.
Sonrakı tapşırığa əsasən iştirakçılar Azərbaycan-Macarıstan dostluğu haqqında afişalar hazırlamışdır. Bu afişalarda iştirakçılar Azərbaycan və Macarıstan xalqlarının tarixi əlaqələri, dilimiz və mədəniyyətimizdə oxşar cəhətlər haqqında fikirlərini ifadə etmişlər.
Müsabiqə iştirakçılarının Azərbaycan haqqında biliklərinin və səfirlik tərəfindən təqdim edilmiş hazırlıq materiallarını mənimsəmələrinin səviyyəsi yaxşı mənada heyrətləndirici olmuşdur.
Qaliblər səfirlik tərəfindən hazırlanmış diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
“Azərbaycan Günü” çərçivəsində Abigel Çoxfunksiyalı İnstitutunun musiqi və rəqs kollektivləri konsert vermişlər. Konsertdə Azərbaycan və dünya musiqisindən nümunələr ifa olunmuşdur. Uşaqlardan ibarət rəqs qrupu Azərbaycanın məşhur “Cücələrim” rəqsini ifa etmişdir. “Cücələrim” mahnısı Azərbaycan dilində səsləndirilmişdir. Konsertdə Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun piano üçün əsərləri də ifa olunmuşdur.
Azərbaycan musiqi və rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
“Azərbaycan günü” ilə bağlı sonuncu tədbir, Azərbaycan mətbəxinin nümunələrindən ibarət süfrənin açılması olmuşdur. Azərbaycan xalqının milli yeməkləri səfirliyin təqdim etdiyi xüsusi reseptlər əsasında macar aşpazlar tərəfindən hazırlanmışdır. Azərbaycan yeməkləri - aş, düşbərə, qovurma, kükü iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt