ELM VƏ TƏHSİL
Magistraturaya birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcəkdir
Bakı, 1 fevral (AZƏRTAC). Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, birinci mərhələdə bakalavrların ümumi intellekt, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılacaqdır.
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcəkdir.
Birinci mərhələnin imtahanı fevralın 26-da keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunacaqdır.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılacaqlar. Həmin bakalavrlar “Magistr” jurnalının builki 4-cü nömrəsində dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisaslaşma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının builki 3-cü nömrəsində veriləcəkdir).