İQTİSADİYYAT
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir
Bakı, 10 dekabr (AZƏRTAC). Azərbaycanın Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər ümummilli liderin həyat və fəaliyyəti, eləcə də onun xalq və dövlətçilik qarşısındakı xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü məhz bu tarixi şəxsiyyətin adı ilə bağlıdır. Onun fəaliyyəti bütünlüklə ölkəmizin və xalqımızın gələcəyinin təmin edilməsinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın siyasi və iqtisadi cəhətdən qüdrətlənməsinə yönəldilmişdir.
Bildirilmişdir ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan siyasi, iqtisadi, diplomatik sahədə ciddi uğurlara imza atmışdır. Əldə olunmuş nailiyyətlər ümummilli liderin müəyyən etdiyi siyasi xəttin hərtərəfli və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.