İQTİSADİYYAT
Maliyyə sanksiyası tətbiq edilmişdir
Bakı, 6 avqust (AZƏRTAC). Məlumat verildiyi kimi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Səbinə Cəfərovaya məxsus mağazada yoxlama aparmışdır.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı “LOUİS VUİTTON MALLETİER” şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı müəyyən edilmişdir.
Qanun pozuntuları ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə fiziki şəxs Səbinə Cəfərovaya 2,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.