Mamuka Baxtadze: Bakı-Tbilisi-Qars dəmir yolu əsrin 100 ən böyük layihəsindən biridir
Tbilisi, 16 mart, AZƏRTAC
Bu gün Tbilisidə “Rəqəmsal Böyük İpək yolu” layihəsinin təqdimatı olub.
Mərasimdə çıxış edən Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən söz açıb, onu əsrin 100 ən böyük layihəsindən biri adlandırıb.
BTQ-nin İpək yolu layihəsi çərçivəsində mənfəət əldə etməkdə Gürcüstan üçün geniş imkanlar açdığını bildirən nazir deyib ki, hazırda bu dəmir yolu ilə yüklər test rejimində daşınır, 6 aydan sonra yük daşınması tam həcmdə həyata keçiriləcək. BTQ tam gücü ilə işə düşdükdən sonra isə sərnişin daşınmasına başlanılacaq.
M.Baxtadze Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri nəticəsində reallaşan BTQ-nin beynəlxalq əhəmiyyətindən danışıb, bu layihənin Asiya ilə Avropanın birləşdirdiyini, xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Nazir ötən ilin oktyabrında Bakıda BTQ-nın təntənəli şəkildə rəsmi açılışının olduğunu da diqqətə çatdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi