İDMAN
“Mançester Yunayted” klubu Anxel Di Mariyanın rekord transferi faktını təsdiqləyib
AZƏRTAC “MYu”nun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı oyunçunun transferinin məbləği 59,7 milyon funt sterlinqə bərabərdir. Bu, İngiltərə futbol klubları üçün yeni rekord göstəricidir. Saziş beş il müddətinə bağlanılıb.
Klubun yeni oyunçusu deyib: “Mançester Yunayted” kimi kluba qoşulduğuma görə özümü xoşbəxt sayıram. Mənə maraq göstərən komandalar çox idi, lakin “MYu” klubdur ki, mən “Real”ı onunla dəyişə bilərdim.
Di Mariya “Real”a 2010-cu ilin iyul ayında Lissabonun “Benfika” komandasından keçib. Bu müddətdə futbolçu 124 matçda iştirak edib, həmin oyunlarda 22 qol vurub, İspaniya çempionatının, Çempionlar Liqasının, UEFA Superkubokunun, İspaniya Kubokunun (iki dəfə) və İspaniya Superkubokunun qalibi olub.
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında Di Mariya Argentina yığmasının heyətində gümüş mükafatçı olub. Di Mariyanın transferi 20 dəfə İngiltərə çempionu olmuş “Mançester Yunayted”in builki mövsümarası dövrdə imzaladığı dördüncü iri sövdədir. Di Mariyadan əvvəl Ander Errera (29 milyon funt sterlinq), Markos Roxo (16 milyon funt sterlinq) və Lyuk Şou (27 milyon funt sterlinq) bu klubun tərkibinə qoşulublar.