İQTİSADİYYAT
MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi hazırlanır
Bakı, 19 dekabr, AZƏRTAC
2020-ci ilə qədər olan dövrdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi hazırlanır.
AZƏRTAC MDB İcraiyyə Komitəsinə istinadla xəbər verir ki, dekabrın 18-19-da MDB İcraiyyə Komitəsinin Moskva bölməsində MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsinə dair Tədbirlər Planı layihəsinin hazırlanması üzrə işçi qrupun birinci iclası keçirilib.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan nümayəndələri, iqtisadiyyatın, elmin müxtəlif sahələrinə aid nazirlik və idarələrin, habelə MDB İcraiyyə Komitəsinin mütəxəssisləri iştirak ediblər.
İclası MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Andrey Kuşnirenko aparıb.
İclas iştirakçıları MDB üzvü olan ölkələrini iqtisadiyyatının modernləşdirilməsinə, elm tutumlu sahələrin inkişafına, MDB üzvü olan dövlətlərin texniki və təhsil potensialının reallaşdırılmasına, yeni infrastruktur layihələrinin işlənib hazırlanmasına yönəlmiş plan layihəsinin vacib və zəruri olduğunu qeyd ediblər.
MDB üzvü olan dövlətlərin ekspertləri MDB İcraiyyə Komitəsi tərəfindən MDB-nin sahəvi əməkdaşlıq orqanlarından və baza təşkilatlarından daxil olmuş irad və təkliflər nəzərə alınmaqla hazırlanmış Plan layihəsini ətraflı müzakirə ediblər.
Müzakirələrin gedişində işçi qrupun üzvləri Plan layihəsinə dəyişikliklər, əlavələr və dəqiqləşdirmələr daxil ediblər. Yenidən işlənmiş Plan layihəsi razılaşdırılmaq üçün MDB iştirakçıları olan dövlətlərin hökumətlərinə göndəriləcək.
İşçi qrupun ikinci iclasını 2015-ci il fevralın 26-27-də keçirmək nəzərdə tutulur.