Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Prezident Mükafatına layiq görülüb
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kino və televiziya fakültəsinin magistr tələbəsi Masər Həsənov Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Xalq artisti, görkəmli kinorejissor Eldar Quliyevin tələbəsi olan Masər Həsənov ən nümunəvi tələbələrdəndir. ADMİU-nun “SABAH” qruplarının rejissorluq ixtisası üzrə məzunu olan Masər Həsənov bir çox festivallarda və ustad dərslərində iştirak edib. Fiziki məhdudiyyəti olmasına baxmayaraq bütün layihələrdə, ictimai işlərdə fəallığı ilə seçilir.
Masər Həsənov ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində “İlin rejissoru” və “Ən yaxşı film” nominasiyaları üzrə mükafatlarla, müxtəlif diplom və sertifikatlarla təltif olunub. O, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Rasim Ocaqov adına təqaüdə layiq görülüb.
Aktiv yaradıcı fəaliyyəti ilə seçilən, bir çox sənədli və bədii filmlərin, sosial çarxların müəllifi olan Masər Həsənov “Bakı Oskar Festivalı-1”də “Ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “Ən yaxşı sənədli film” nominasiyaları üzrə qalib gəlib. Onun “Deja vu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən beynəlxalq festivallarda nümayiş olunub. Bu film, eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “Jürinin rəğbəti” nominasiyası üzrə mükafata layiq görülüb.
Gənc rejissor çəkdiyi “Sevgi naminə” qısametrajlı bədii filmi ilə “9th Independent International Internet Short Film Festival”da birinci dərəcəli laureat seçilib.