CƏMİYYƏT
Məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müalicə üçün xarici ölkələrə göndərilmişdir
Naxçıvan, 17 iyun (AZƏRTAC). Məhdud fiziki imkanlı altı nəfər Naxçıvan Muxtar Respublikasından müalicə üçün Yunanıstan Respublikasının Saloniki şəhərində yerləşən “Anagennisi” tibbi və reabilitasiya sanatoriyasına göndərilmişdir. Onlar qeyd olunan sanatoriyada 28 günlük fizioterapevtik müalicə kursu keçəcəklər.
AZƏRTAC xəbər verir ki, əlavə olaraq, serebral iflic xəstəliyi olan sağlamlıq imkanları məhdud 6 uşaq müalicə kursu keçmək üçün valideynlərinin müşayiəti ilə 20 günlük müalicə kursu keçmək üçün Latviya Respublikasının Yurmala şəhərində yerləşən “Vayvari” milli reabilitasiya sanatoriyasına göndərilmişdir.
Müalicəyə yola salınan məhdud fiziki imkanlı şəxslər, həmçinin uşaqların valideynləri göstərilən qayğıya görə muxtar respublikanın rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin olunması, tibbi-sosial reabilitasiyalarının təşkili, onların respublika daxilində və ölkədən kənarda müalicələrinin təşkili daim diqqət mərkəzindədir. Bu günədək müvafiq kateqoriyadan olan 136 şəxsin xarici ölkələrdə müalicəyə göndərilməsi təmin edilmişdir.