ELM VƏ TƏHSİL
MEK Abdulla Şaiqin mənzil-muzeyi tərəfindən verilən sənədləri rəqəmsallaşdırıb
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Abdulla Şaiqin mənzil-muzeyi görkəmli şair, ədəbiyyatşünas, dramaturq, müəllim və publisist Abdulla Şaiqin yaradıcılığına dair fondlarını elektron kataloq və bazada birləşdirərək mübadilə ediblər.
MEK-dən AZƏRTAC-a bildirilib ki, bazada 100-dən artıq kitab və 50-dən çox məqalə yer alır. Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə MEK-in kitabxana-xidməti və rəqəmsallaşdırma şöbələrinin əməkdaşlarına təşəkkür edib. O, kitabxana ilə muzey arasında əlaqələri yüksək qiymətləndirib, rəqəmsal sənədlərin şairin əsərlərinin gələcək nəsillər üçün qorunub saxlanılması işində əhəmiyyətindən danışıb.
MEK-in direktoru Leyla İmanova rəqəmsallaşdırılmış sənədlərin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasında 20 minə yaxın sənəd arasında yer aldığını və mühafizə olunduğunu deyib. O, qurulmuş əməkdaşlıqdan kitabxananın kollektivinin məmnun qaldığını və görülmüş işin Abdulla Şaiqin xatirəsinə kiçik töhfə olduğunu bildirib.
Sonra mənzil-muzey tərəfindən tərtib olunmuş “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı”, “Əgər Şaiq olmasaydı” və “Kamal Talıbzadə. Kübarlıq məktəbi” kitabları MEK-ə təqdim edilib.
Sonda qonaqlar kitabxana-xidməti və rəqəmsallaşdırma şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.