ELM VƏ TƏHSİL
MEK tərəfindən hazırlanan növbəti biblioqrafiya çapdan çıxıb
Bakı, 2 iyun, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanan Azərbaycanın elm və mədəniyyət xadimləri silsiləsindən olan növbəti biblioqrafiya işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın 80 illiyinə həsr olunan biblioqrafik göstərici alimin həyatı, elmi və elmi-təşkilati fəaliyyətinin əsas tarixlərini əks etdirir. Burada alimin monoqrafiyaları, nəşr etdirdiyi kitablar, simpozium, konqres, konfranslarda çıxışları, dövri mətbuat səhifələrində nəşr olunmuş əsərləri və müsahibələri, elmi rəhbərlik etdiyi, rəsmi opponenti olduğu dissertasiya işləri və rəy verdiyi kitablar toplanıb. Kitabın elmi redaktoru akademik Cavad Abdinov, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçi-müəllifləri Sevinc Rzayeva və Könül Məmmədəlilidir.
Biblioqrafiyada materiallar Azərbaycan, ingilis və rus dillərində olmaqla bölmələr üzrə ayrılıb, qruplaşdırılıb və xronoloji qaydada əlifba ardıcıllığı ilə düzülüb.
Təqdim olunan biblioqrafik göstərici fizika-riyaziyyat sahəsində çalışan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.