MƏDƏNİYYƏT
Məktəblilər Şəmkir və Göygöl rayonlarına maraqlı ekskursiyadan razı qaldılar
Gəncə, 24 avqust (AZƏRTAC, Sabir Əliyev). ”Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Masallı və Yardımlı rayonlarının məktəbliləri Gəncədən sonra avqustun 24-də Şəmkir və Göygölün tarixi-mədəniyyət abidələri, turizm obyektləri, füsunkar yerləri ilə tanış olmaq üçün bu rayonlara səfər etdilər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Şəmkirə gələn şagirdlər rayonla tanışlığa orta əsr Şəmkir qalasına ekskursiya ilə başladılar. Sonra gənclər mərkəzinə gələn şagirdlərə burada gənclərin asudə vaxtlarının təşkili, eləcə də onların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verildi. Masallı və Yardımlı məktəbliləri mərkəzdə təşkil olunan intellektual oyunda iştirak etdikdən sonra bayraq muzeyinə baxdılar.
Ekskursiyanın növbəti ünvanı Heydər Əliyev Mərkəzi oldu. Aksiya iştirakçıları dahi rəhbərin müxtəlif vəzifələrdə çalışdığı iş otaqlarını əks etdirən bölməyə, eləcə də həyatinin müxtəlif anlarını və siyasi fəaliyyətini özündə yaşadan fotoşəkillərə maraqla tamaşa etdilər. Nəhayət, rayon mərkəzində aparılan abadlıq və quruculuq işləri ilə tanışlıq başladı.
Sonra Göygöl rayonuna gələn Masallı və Yardımlı məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında mehribanlıqla qarşılandı. Onlar mərkəzdə Azərbaycan tarixini, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, ölkəmizin son illərdə qazandığı nailiyyətləri əks etdirən bölmələrlə tanış oldular. Şagirdlərə məlumat verildi ki, son bir ildə Göygöl rayonunda olimpiya idman kompleksi, dövlət bayrağı meydanı, dövlət rəmzləri muzeyi, gənclər mərkəzi, uşaq əyləncə park-kompleksi istifadəyə verilib. Vaxtilə almanlar tərəfindən salınan altı küçə təxminən iki əsrdən sonra əvvəlki görkəminə qaytarılıb.
Məktəblilər Şəmkir və Göygöl rayonlarına maraqlı ekskursiyadan razı qaldıqlarını bildirdilər.